.: Mr. AYDIN JAFAROV :.

“Yeni Dünya Düzəni” ssenarisi


Son dörd ildə Qafqazda yaşanan bir sıra olaylar əslində bir ssenarinin uyğulanmasından başqa bir şey deyil. Çünki bu siyasətin baş müəllifi ABŞ-dır. Nə yazıqlar ki, bu ssenarinin Azərbaycanda bir sıra oyunçu və iştirakçıları var. Bu oyunların gizlinlərini araşdırmadan onun sərgilədiyi ssenarilərin şərtləri daxilində özlərinin rifahını düşünənlər də az deyil. Bu düzənin əsas şərtlərindən biri lokal münaqişə ocaqları yaratmaqla bankların sayəsində həmin dövlətləri tədricən inhisara almaqdır. Bu sırada ABŞ-la müttəfiq olan dövlətlər də həmin ssenarilərə uyğun olaraq istehsal etdikləri silah bazarını tənzimləmək imkanı qazanırlar. Son illər ABŞ-da Rokfeller ailəsinə bağlı olan “Standart Oil Company” və Almaniyanın “Farben” silah zavodunun neçə milyardlarla vəsait qazandıqları hələ də gizli saxlanılır. Sözdə “dünyaya demokratiya ixracı” təbliğ olunsa da, bunun ardında idarə olunan region strategiyası bu siyasətin tərkib hissəsi hesab edilir.

Yeni savaş ocaqları və milyardlar

ABŞ və onun müttəfiqləri İraq, Əfqanıstan, Pakistan və digər dövlətlərdə yeni savaşları gündəmə gətirməklə xarici işlər nazirliyinə bağlı “CFR (xarici siyasət, müharibə və daha çox gəlir əldə etmək) Konseyi”nin çevrəsində tədqiqat mərkəzləri yaradaraq, özlərinin nəzarətində olan KİV-lər vasitəsilə məqsədlərini hətta gizlətməyə də nail ola bilirlər. Çox maraqlı hal odur ki, məhz CFR-yə bağlı olan şəbəkələrin vasitəsilə hər gün yüzlərcə bəhanələr KİV-in gündəmini zəbt edə bilir. Çünki dünya çapında geniş kütlələrin gözündə “xilaskar” obrazı sayəsində bütün bunları əldə edə bilir.                                                                            

Hələ İkinci Dünya Savaşından sonra  “Pearl Habour” bəhanəsini uyduraraq, Vyetnama hərbi müdaxilə etməklə Uzaq Şərq hərbi strategiyası rəsmiləşdirildi. Bu lokal savaş taktikasından ruhlanaraq, onun coğrafiyasının genişləndirilməsi taktikası da sıradan bir hadisə deyil. 2001-ci ildə 11 sentyabr olaylarını bəhanə edərək daha geniş çaplı hərbi siyasət meydana gətirildi. İraq, Əfqanıstan və Pakistana təxminən eyni vaxtda hərbi müdaxilə rəsmiləşdirildi.  Terrorla mübarizə bu gün dünyada sanki ABŞ və onun müttəfiqlərinin alnına yazılıb.

Azərbaycanın tarixi əraziləri 20 ildir işğal olunub. Beynəlxalq birlik bizdən “sülh masası” anlaşmaları tələb edir. Türkiyənin əraziləri PKK, PJAK, KDP, KYCP və digər terror örgütləri tərəfindən bombalanır, bunun əvəzində Avropa Birliyi bölücülərin törətdikləri vəhşətləri sanki görmür. Səddam Hüseyn kimi diktatorun uzun illər dövlət terrorizmi siyasəti apararaq 300 min nəfərə yaxın türkmanı soyqırım etdiyini dünya birliyi sanki görmürdü. İndi Orta Doğuda terrorizmlə mübarizə adı altında hər gün ABŞ  və onun müttəfiqləri kimyəvi silahların sınaqlarını bu sonu bitib-tükənməyən antiterror əməliyyatlarında tətbiq edirlər. Halbuki Nyu Yorkda partladılan Dünya Ticarət Mərkəzinin qalıqları üzərində istintaq əməliyyat tədbirləri belə aparılmadı. Nyu Yorkun bələdiyyə başçısı Rudolf Giuliani dərhal təmizləmə işi apararaq, bu müdhiş terrorun izlərini itirdi. Bütün bunların ardınca böyük maliyyə böhranı ssenarisini pərçimləməklə əksər inkişaf etməkdə olan dövlətlər diz üstə çökdürülüb. Buna Avropada “yeni dünya düzəni”nin tərkib hissəsi kimi baxanların sayı günbəgün artmaqdadır. Rokfellerə bağlı olan strateji təhlil mərkəzləri bütün bunlardan məmnunluq duyduqlarını belə gizlətmirlər.

“Türkün qan yaddaşı onun yenidən BİR MİLLIƏT – BİR ORDU təfəkkürünün dirçəlməsinə təkan verir. Ona görə də türk dövlətlərində “ordu öz içindən bölünməli və çökdürülməlidir”

İqtisadi böhranlar məngənəsində çapalayan “dünya düzəni”

1994-cü ildə ABŞ-da “Yeni Dünya Düzəni” haqqında aparılan tədqiqatlarda açıq şəkildə qeyd olunurdu: “Böyük böhran artıq qapının arxasındadır. Çox yaxınlarda bütün dünya bunun acısını dadmağa məcbur ediləcək. Xüsusilə dünya jandarmı roluna malik olan güclərin qarşısında boyun əyməyən bir sıra millətlər bu siyasətin girdabında çabalayacaqlar. Məhz bu problemin qarşılığında Yeni Dünya Düzəni projesi məcburi şəkildə qəbul etdiriləcək”.

Rokfellerin strateqləri öncədən görmək istədiklərinə işarə edərək deyirdilər: “Bütün dünyada maliyyə və iqtisadi böhranlar dərinləşdikcə Yeni Dünya Düzəni projesi də öz gerçəkliyini tapacaqdır. Bu strategiyanın adını bizlər “modern dünya” qoymaqla daha böyük uğurlara imza ata biləcəyik. Bu mükəmməl və istiqrarlı strategiya sonucda özgürlük tərəfdarı olan xalqları özlərini idarə etmək haqlarını dünya banklarına təslim etməyə sövq edəcək. Bu, əslində yeni yüzillikdə izləyə biləcəyimiz stratejidir”.

ABŞ-ın ən böyük strateqlərindən biri olmuş Henri Kissincer hələ ötən yüzilin sonlarında “Dünyanın idarə olunmasında əsas şərt hansı yolun seçilməsi deyil, ABŞ və Avropaya dayanıqlı olan dünya şirkətlərinin hegemonluğu və qloballaşma siyasətinin lokomotivi rolunda çıxış etməsidir. Məhz bunun hesabına inkişaf etməkdə olan dövlətlərin maddi, təbii sərvətlərinə və maliyyə resurslarına nəzarəti gücləndirmək mümkün olacaqdır” açıqlamasını vermişdi.

Hal-hazırda inkişaf etməkdə olan dövlətlərdəki ağır maliyyə və iqtisadi böhranları daha da dərinləşdirən şəbəkələrdən biri də vaxtilə ABŞ-da CIA və FBI-yə məxsus təhsil mərkəzlərini bitirmiş yerli kadrlardan ibarətdir. Onlar bank və digər maliyyə sektorlarında rahatlıqla həmin ssenarilərin daha da dərindən tətbiqinə çalışırlar. Maliyyə və iqtisadi böhran ssenarisinə daxil olan müddəalardan biri də odur ki, inkişaf etməkdə olan dövlətlər indi özlərinin təbii sərvətlərini belə xammal şəklində dünya bazarında asanlıqla satmaq imkanlarını itiriblər. İndi bu ölkələrdə milyonlarla insanlar dəhşətli yoxsulluq güzəranının məngənəsində yaşamaq uğrunda çabalayırlar.

SIA-nın ordunu çökdürmək strategiyası

İnkişaf etməkdə olan dövlətlərə ən böyük örnək kimi Türkiyəni göstərmək olar. Bu ölkədə demək olar ki, Balkan, Orta Doğu, Qafqaz və Orta Asiya regionları ilə tarixi və ənənəvi etnolokulturoloji, etnocoğrafi strategiyanın tərkib hissəsi kimi çox dərin münasibətlər inkişaf etməkdədir. Təbii olaraq bütün bunlar həm də ortaq işbirliyi və ortaq bazarın yaranmasına gətirib çıxarır. Buna görə də, Türkiyənin daxildən çökdürülməsi, daha ağır böhranlara məruz qalması kimi strateji projelər davamlı şəkildə gündəmə gətirilir.

Orta Doğu projesinin müəlliflərindən olan Graham Föller və Henry Barkley Türkiyə və Türk Dünyası məsələsində açıq şəkildə qeyd edirlər: “Türkün qan yaddaşı onun yenidən BİR MİLLIƏT – BİR ORDU təfəkkürünün dirçəlməsinə təkan verir. Ona görə də türk  dövlətlərində “ordu öz içindən bölünməli və çökdürülməlidir” strategiyası günün vacib “komple teorisi”nə çevrilməlidir. Bu dövlətlərdə ordu daha çox daxili intriqalara, süni şəkildə qabartdığımız problemlərə cəlb edilməlidir.  Digər tərəfdən isə müxtəlif etnik qarşıdurmalar da alovlandırılmalıdır. Millətin beynini yuya biləcək bütün təsir vasitələri (ən çox da şou və əyləncə proqramları) daha geniş intişar tapmalıdır”.                             

Günümüzdə ordu ilə bağlı baş verən ictimai intriqaların təməl prinsiplərindən biri də çoxsaylı QHT sektorunu yaratmaqla onların xüsusi təlimatlar əsasında KİV vasitəsilə antiordu strategiyasına yönləndirilmələrinin əsl səbəbləri də məhz bundan qaynaqlanır. Öz milli ordusuna inamsızlıq anlayışını total düşüncəyə yuvarlatmaqla, həm də strateji hədəfdə Azərbaycanın öz gücünə arxalanaraq işğal olunmuş ərazilərini heç zaman azad edə bilməyəcəyi fəlsəfəsi məhz yeni dünya düzəni strategiyasına daxil edilib.

Körpü altında axan su...

2005-ci il avqust ayının 17-də öz hakimiyyət səlahiyyətini daha da gücləndirmək istəyən AKP iqtidarı “İrticaya karşı darbe” adı altında Türkiyənin bir dövlət kimi milli təməl prinsiplərinə qarşı açıq şəkildə hücuma keçdi. Bu sırada yer alan əsas hədəflərdən birinin nəticəsi olaraq Türkiyə Milli Güvənlik Qurumuna (MGK), uzun illər CIA və FBI-nin siyasətlərinə dirənişlər göstərmiş güclərə, liderlərə qarşı süni şəkildə ittihamlar da irəli sürüldü. Bu sırada məşhur “Ergenekon Davası” xüsusilə diqqət çəkən ağrılardan birinə döndü. Bu, sadəcə bir isim olaraq deyil də, türkün təməl fəlsəfəsi olan qutsal düşüncəni ehtiva edən ERGENOKONa qarşı açılan bir davaya çevrildi. Əşirətçi, təriqətçi, manqurtlaşmış bu  qalstuklu yeni vəhhabilər kəsimini təmsil edənlər dövlətin əsgəri qüvvələrini çoxsaylı KİV-lər vasitəsilə hər gün aşağılamağa başladılar. Bütün bunları diqqətlə izləyən baş sifarişçilərin tələblərinə yer ayıran və ABŞ-da nəşr edilən “The Times” qəzetində belə qeyd olunur: “İndi bir qədər rahat nəfəs almaq olar. Türkiyədə orduya alternativ bir güc inkişaf etməkdədir. Bu ordunun əlində silah olmasa da, onların yuyulan beyinlərindəki düşüncə tərzi daha əzəmətlidir. Yeni yaranan ordu təriqətçi cəhalət tərəfdarlarının daha da böyük gücə çevrilməsinə səbəb olub”.

Yeni Dünya Düzəni strategiyasını körpü altından axan suya bənzədənlərin sayı indi artmaqdadır. Özünə hörmət edən dövlətlərin əksəriyyətində bunun fəsadlarının səbəbləri araşdırılır. Bu dəhşətin qarşısının alınmasının yolları aranır. Hər gün transkontinental şirkətlərin strateji maraqlarını əlində silah suçsuz insanları terror edən “sülhməramlı” qüvvələrin nə qədər duruş gətirə biləcəkləri izlənilməkdədir. Bəşəriyyət bu ideoloji vəbadan qurtulmaq istəyir. Əslində bunun vaksinası elə bu əzablara düçar olmuş xalqların iradəsində aranmalıdır. Yüzmilyonlarla insanları aclıq və səfalət girdabına düçar edən bu düzən vampir kimi qarşısına çıxan bütün dəyərləri məhv edir. Sanki ideoloji sunami fəlakəti yaşamaq haqqı olan xalqları öz burulğanında yox etməyə tələsir. Bunun başında duranlar elə bil dünya gestaposu siyasətinin şərtləri daxilində dünyanın özü boyda xalqlar həbsxanası yaratmaq üçün çalışırlar. Birqütblü jandarm gücünə dayanıqlı olan bu düzən hələ ki, bəşəriyyəti məhv etməkdədir.

 






Mənbə: Ə. BÖRÜSOY 15:36 / 26.11.2010

Oxşar xəbərlər

- Uşaqlarımızı böyüdən ifritələr
- Yeni il tənhalığı (Aqşin yenisey)
- Bu sevgi tükənən bir yol deyilmiş...
- Карта Петерса - новый передел мира?
- Bir professorun tələbələrinə verdiyi son dərs
- После американской гегемонии
- Секс в большой политике
    Cap et  Çap et