.: Mr. AYDIN JAFAROV :.

Uşaqlarımızı böyüdən ifritələr


Şərti şumda kəsirəm; mən bu yazıda sivilizasiyanı qorxunun və ağrının inkişaf tarixi kimi izah edənlərin tərəfində olacağam
 
O kəslərin ki, onlar hələ də insan növünü ibtidai alturizmdən professional eqoizmə, təbii vəhşilikdən merkantil əxlaqa, icma bərabərliyindən kapital hanniballığına gətirib çıxaran günahkarın kim olduğunu axtarırlar. Onlar cinayəti gördükləri üçün cinayətkarın girovuna çevirilmiş şahidlərdir. Onlar həqiqəti danışırlar, ancaq bu həqiqət, danışdıqları şəxsi, sadəcə, əyləndirir. 
 
Sual budur ki, nə üçün başqalarına verilən ağrı, əzab, qorxu insanı əyləndirir, bəzən məqsəd qisas almaq yanğısından tamamilə uzaqlaşıb verilən işgəncənin, çəkdirilən qorxunun müddətini uzatmaqla qurbanın əzabından zövq almağa çevirilir? Bu sualın cavabını, bəlkə də, divarları mamır bağlamış qədim kitabxanalarda deyil, elə evimizdə böyütdüyümüz uşaqlara aldığımız şəkilli nağıl kitablarında axtarmaq lazımdı. 
 
Mən bir dəfə axtardım və görün hansı mənzərə ilə tanış oldum. “...ayaqları leşyeyənin ayaqları kimi yarıyacan qart tüklərlə örtülmüş, sallaq qarınlı çılpaq bir ələngə ilə sevişən, əti iyrənc qurbağaların ağzında gəmirilən, dərisi suluqlamış, tükürütpədici səsiylə qarğış-nalə ulayan, əfi ilanların sancdığı, dişləri çürümüş ifritə bir qadın, əzəmətli yatağında ölüm soyuğundan qacımış, daha heç vaxt doğulmayacaq körpəyə bənzəyən ruhunun bir ifrit əlləriylə xırıldayan boğazından qoparılan, çiynində oturmuş şeytanın bir caynağıyla gözünü oyan, o biri caynağı ilə qanlı dişlərini qurdalayan xudbin bir kişi, bir-birilərinin saçından tutub çığıra-çığıra, söyə-söyə dartışdıran, bir-birilərinin bədənini uzun dırnaqları ilə parçalayan, insandan çox eybəcər cinlərə oxşayan, bir cüt zəhərli ilanla sarıldıqları üçün heç vaxt ayrıla bilməyən ər-arvad, öz məğlubiyyəti ilə barışmaq istəməyən, burun pərlərindən od fınxıran mişar quyruqlu əjdahanın iri dişli cəhənglərini qayanı parçalayıb azadlığa ucalan ağac gücüylə ikiyə ayıran gövdəsi gərilmiş qəhrəman... və başqaları, yəni daha qorxuncları, daha iyrəncləri, daha amansızları”. 
 
Bu ağılasığmaz, bədheybət, anlaşılmaz təsvirlər əsəb xəstəliyindən xəstəliyindən əzab çəkən hansısa psixopat rəssamın emalatxanasından götürülməyib, bu mifik üfunət uşaqlar obrazlı qavrama təfəkkürünə sahib olsunlar deyə onların gül kimi təmiz təsəvvürlərinə həkk edilən italyan xalqlarının nağıl və əfsanələrindəki obrazların təsvirləridir.
 
İngilislər isə öz gələcək nəsillərinin xəyallarını bulandıran, onların təfəkküründə dünyanın qorxunc, tükürpədici mənzərisini yaradan bu bədəməl mistik-fantastik nağıl qəhrəmanlarının uşaqlar üçün ensklopedik nəşrini hazırlayıblar. Bu obrazlar mifik genetikasını birmənalı olaraq ibtidai icma cəmiyyəti insanının geoloji katastrofizm qarşısında keçirdiyi qorxunun yaratdığı dini-fantastik təsəvvürlərindən götürməklə müasir uşağın kafasında mağara dövrünün vəhşi yaşam şiddətini görüntüləyir, onun mağara insanının hiss və emosiyaları ilə böyüməsinə, yırtıcıya xas qorxu, ehtiyatlanma, qidalanma, qəzəb, ehtiras duyumlarına sahiblənməsinə yol açır. Bu nağılları oxuya-oxuya, divlərlə, ifritələrlə, əjdahalarla süpürləşə-süpürləşə, çırtdanlardan hiyləgərlik, təpəgözlərdən hanniballıq, dəli domrullardan quldurluq öyrənə-öyrənə iyirmi ikinci mərtəbədə gələcəyin mağara insanı böyüyür. Sonra bu mağaranın ağzı adına sivil dediyimiz cəmiyyətə açılanda sıravi vətəndaşlardan tutmuş, hüquq-mühafizə orqanlarına qədər hər kəsi bir sual düşüdürür: “bu uşaq kimə oxşadı belə?” 
 
Hansı dövrdə doğulmalarından asılı olmayaraq, bu nağıllar, əfsanələr vastəsilə gələcəyin insanı olacaq uşaqlar ibtidai şüurla atılırlar həyatın qoynuna, sonra onları dini şüur nəzarətə götürür, çünki ibtidai qorxuyla böyüyən insan gec-tez təskinliyi dində tapmalıdır, məntiqi ardıcıllıq bunu tələb edir. Elm isə bu ibtidai emosiyaların ya azlıqda qalan müxalifətinə çevirilir, ya da mövqeyini yumşaldıb çoxluğun tərəfinə keçir.
 
İbtidai qorxu aşılayan nağıllarla, obrazlarla böyüyən uşağın oxşadığı, dünya xalqlarının övladlarını tərbiyə edən bu mifik andeqraundların tipologiyasına baxaq. Cəmiyyətdə belə bir özünüqoruma patologiyası var ki, guya, vərəm xəstələri pisniyyət olurlar və onlar başqalarını da bu çöpə yoluxdurmaq üçün əllərinin tərindən, ağız-burunlar suyundan gələn heç nəyi əsirgəmirlər. Guya, bəşəriyyəti vərəmləşdirmək onların bəşəri yanğısına çevirilir. Bu sarsaq yanaşmanı istənilən infeksion xəstənin alnının ortasına nallamaq olar. Çünki istənilən infeksion xəstəlik yoluxanın və yoluxduranın xislətindən yox, bu xəstəliyi yayan virusun təbiətindən asılıdır. 
 
Amma bu xəstə yanaşma öz-özünə yaranmayıb, bu “pisniyyətliliyin” mifik səbəbkarları da var ki, onlardan birinin adı Asaqdır. Qədim şumer əsatirinə görə, Asaq insanlar arasında xəstəlik yayan, bir növ, vərəmli kişi şeytandır. Görünüşü kimi bu şeytanın balalaması, çoxalması, yəni cinsi yolla infeksionlaşması da əndirəbadidir, guya, o, nəhəng dağları cinsi zorakılığa məruz qoyur və dağlardan döğulan balaca şeytan övladlarını bütün dünyaya yaymaqla insanları əbədi xəstəliklərə düçar edir. Böyüklərin düşüncəsinə görə, Asaq haqqında nağıllar uşaqları bu məkrli mifin timsalında gələcəkdə onları gözləyən, bədəməllərin, xəstəliklərin olacağından xəbərdar etməkdirsə, gələcək haqqında, ümumiyyətlə, təsəvvürü olmayan uşaqların yaddaşında, şüuraltısında Asaqdan ilişib qalan isə budur; dağı, dərəni zorlayan və xəstə cocuqlarını dünyaya yayan bir zırrama. Düzdür, Asaqı tanıyan kimi uşaqda yan-yörəsindəkiləri zorlamaq istəyi yaranmır, amma uşaq qəddarlığı haqqındakı nəzəriyyələrə görə, onun münbit beyninə zorakılığın ilk çəyirdəyi əkilir; dağı zorlamaq mümkündürsə, insanı zorlamaq niyə olmasın? Bəlkə də, sadist gənclərin, SPİD virusunu bilə-bilə yayan fahişələrin mənəvi əcdadı elə bu Asaqdır ki, bütün bəşəriyyətin ən qədim uşaqları sayılan şumerlərdən yoluxub sonrakı nəsillərin şüuruna.
 
Yəhudilər isə öz uşaqlarını qısır qadın mifi olan Abizou adlı ifritənin əməlləri ilə qorxudaraq tərbiyə edirlər. Abizou dəfələrlə ərə getsə də doğmaq funksiyası olmadığına görə qayınanasının ailə repertuarını nəvə ilə zəngilşdirmədiyi üçün hər dəfə zorla ərindən boşatdırılan, nəhayət, özünü sənətdə tapan, yaradıcı erudisiyasını boşanma travmalarından alan və yerdə qalan həyatını cəmiyyətdən qisas almağa həsr edən bizim müğənnələrə oxşar əsəbi bir məxluqdur. Onun qurbanları daha çox hamilə, ərindən, övladından yarıyan qadınlardır. Abizou yəhudilərin qız uşaqlarına öyrədir ki, gələcəkdə siz də mənim günümə qalsanız, mən edəni edin; gecələr qorxunc kabus kimi hamilə qadınların qabağına çıxın, onların uşaq salması, yaxud ölü doğması üçün vurnuxun. Ailə xoşbəxtliyinə qənim kəsilin. 
 
Asaqın şumer, Abizounun yəhudi uşaqlarına verdiyi tərbiyənin əziyyətini Mesopotamiyada uşaqların sevimlisi Lamaştu adlı qarı nənə çəkir. O, da boylu qadınları hamilə tarakan kimi tapdalayıb öldürür, kişilərdə qan xəstəlikləri, qarabasmalar yaradır, körpələri oğurlayıb yeyir. Mifik iyerarxiyada heç kimə tabe olmayan bu qarı qadın ləçərliyinin, qadın şərinin fantastik simvoludur. Onun “böyütdüyü” qız uşaqları bu gün ya bəşəriyyətin kişi cinsinə nifrət edən feministlərdir, ya da terrorçi-kaminkadzelər.
 
Slavyan xalqlarının uşaqları küpəgirən qarı Baba-Yaqanın və onun əkiz bacısı, üstündə baş kəsmək üçün həmişə tarla qayçısı gəzdirən Poludnikanın gizli himayəsi altında böyüyür. Onlar kinli niyyətlərini həyata keçirmək üçün cəmiyyətdən gizlində, toyuq ayaqlı komada yalqız yaşayırlar, cəmiyyətdə baş verənləri izləmək üçün transport olaraq uçan məişət əşyalarından, süpürgələrdən, küplərdən yararlanırlar. Adətən, Baba-Yaqa qurban olaraq qadınları, bacısı Poludnika isə kişiləri qaralayır. 
 
İndoneziyalı körpələrin mifik dayəsi Pontiyanak nağıl qəhrəmanları arasında ən gənci və ən abırsızıdır. O, doğarkən xəstəxanada bizim həkimlərin öldürdüyü gəlinlərin ruhu kimi nakam ana xəyalıdır. Xəstəxanaların həyətindəki ağaclarda yaşayır və daha çox kişi həkimlərdən qisas alır. Elə ki ağxalatlı kişi gördü, qəfildən ağacdan hoppanır onun qənşərinə və əl atıb səhiyyə işçisinin cinsiyyət orqanını yerkökü kimi dibindən qoparır.
 
Bəşəriyyətin gələcək şüurunu “əkib-becərən” bu bədəməl məxluqların arasında ən səmimiləri yaponların balaca samuraylarını döyüşə, geyşalarını sevişə hazırlayan qıyıqgöz Cikinikilərdir. Cikinikilər yapon mifologiyasına görə qədim ateistlərin ruhlarıdır. Onlar da başqa xalqların uşaqlarını boya-başa çatdıran nağıl qəhrəmanları kimi meyitləri soyub yeyir, saki əvəzinə körpələrin qanını işirlər, ancaq cikinikilər yeganə mifik dayələrdir ki, uşaqları yuxuya verəndən sonra tənhalığa qapılıb öz eybəcərliklərinə görə xəcalət çəkir, göz yaşı tökürlər. Ancaq buna baxmayaraq, yaponlar öz uşaqlarının şüurunu bu “vicdanlı” əcinnələrə etibar etməkdənsə, onlara baxça yaşlarından kompüter proqramları öyrətməyi üstün tuturlar.
 
Bu yazıda amacım böyüyəndən sonra övladlarımızın heyvərəliyinə baxıb: “bu uşaq kimə oxşadı, görəsən?” sualına az da olsa cavab vermək idi. İlk baxışda sadə, ibrətamiz mətnlər təsiri bağışlayan əcinnələrlə, ifritələrlə dolu nağılları uşaqların şüuruna doldumaqla biz gələcəyi ibtidai qorxudan azad olmağa qoymuruq. Bəlkə, artıq mənəvi irsiyyətimizi təmizləmək haqqında düşünməyə başlayaq, yoxsa daha gecdir?!
 




20:15 / 27.11.2015

Oxşar xəbərlər

- Məmməd Araz: "Bacım Gülsümə məktub"
- YOL AYRICINDA SÖHBƏT
- Nifrət saxtakarlığı
- Öz toyunda fotoqrafa gizlincə nömrə verən gəlinlər…
- Yeni il tənhalığı (Aqşin yenisey)
- Как мало тех, с кем хочется проснуться.
- Bu sevgi tükənən bir yol deyilmiş...
- UTANSIN
- Ramiz Rövşən:"Mən küsüb gedirəm..."
- Dostum Sənandan: Kütlə olmayaq!
- Воздух и свет, время и пространство
- KIŞILƏR, ARVADLAR...
- Səhv düşəndə yerimiz
- Dostum E/Qədimbəylidən fikir rəngləri
- Bağışla...
- Dostum Ilyasdan - Sun Is On My Side
- Dostum Varisdən - "Yol qeydlərim"
- Не торопитесь...
- My Love, My Sorrow...
- KEREM GİBİ
- Daha nagillara inanmiram mən
- Üç Kalp
- Ayrılıq
- Yaylığını yel aparır
- GECİKMİŞ MƏHƏBBƏT
- İkimiz də gecikdik...
- Vətən / RAMİZ RÖVŞƏN
- "Azad Qadın Heykəli" - Ramiz Rövşən
- Bircə Allah bilir nəyimsən mənim.
- Bəlkə də xoşbəxtik xəbərimiz yox…
- CEDDİN DEDEN (mehter marşı)
- İSTİKLAL MARŞI
- CEVİZ AĞACI
- BEN SENDEN ÖNCE ÖLMEK İSTERİM
- Ne Güzel Şey Hatırlamak Seni / Nazım Hikmet
- MELEK
- Жизнь - игра
- Реквием по мечте
- «Уходит жизнь в сплошное никуда...»
- ЭЛЕГИЯ «ВРЕМЯ»
- В ТАКУЮ ПОРУ ВСТРЕТИЛАСЬ ТЫ МНЕ…
    Cap et  Çap et